HAQQINDA     STRUKTUR     QALEREYA     XƏBƏRLƏR     ƏLAQƏ
    Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Bu kənd Xəzər dənizindən 54 metr yüksəklikdə olan təpənin cənub yamacında yerləşir. Məhəmmədi, Digah, Pirşağı və Goradil kəndləri ilə qonuşudur. Fatmayı kəndinin adı ilə bağlı bir sıra versiyalar mövcuddur. Əhali arasında ən çox yayılan variant bundan ibarətdir ki, kənd yelçəkər yerdə yerləşdiyindən, onun “mehi fəth edən yer” anlamına uyğun olaraq “Fatmehi” adlandırıblar. Digər bir versiyada isə bildirilir ki, kəndin adı “fatimi” sözündən, yəni Fatimənin nəslindən olanlar deməkdir. Bu mülahizənin özü də ikilidir.Bir mülahizəyə görə “Fatmayı” “Fatimə kəndi” (bir qadının adından), digər mülahizəyə görə isə Həzrəti-Fatimənin adı ilə adlandırılıb. Başqa bir versiyaya görə isə kəndin adının Salyan hakiminin dul qalmış qadını (XVIII) Fatma xanımla bağlılığı irəli sürülür.
    Qonşu kəndlərin əhalisindən fərqli olaraq fatmayılılar su sarıdan korluq çəkmişlər. Kənd ağsaqqallarının dediyinə görə kənddə qədimdən qalma su quyusu olsa da, həmin quyuların suyu duzlu olduğundan acıya çalırmış. Ona görə də hələ son illərə kimi fatmayılılar suyu kənddən bir neçə kilometr aralı- dəniz sahilində salınmış bağlardan gətirirmişlər.Kənddə Kərbəlayı Xocabəy və Kərbəlayı Aslan quyularının suyu daha çox içilmiş. Uzun illər ərzində kənddə demək olar ki,yaşıllıq olmayıb. Palçıq və xırda daşlardan tikilmiş evlər kəndə miskin görkəm verirmiş. Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olub, dəmyə taxıl və bostançılıqla güzəran sürüb. Dənizə yaxın ərazidə salınmış üzüm bağları, habelə əncirliklər həmişə əhalinin dadına çatıb. Küp və bardaqlarda doşab, riçal, kisələrdə qurudulmuş əncir, mövüc (Üzüm qurusu), piskəndə (qabığı soyulmuş əncir qurusu), zincilfərən (əncirdən hazırlanmış ədviyyatlı şirini) saxlanar,azuqələr hazırlanarmış.
  İndi Fatmayı Abşeronun başqa kəndləri kimi xeyli inkişaf edib. Abşeron su kanalı Fatmayıya əsl həyat gətirib.Bu kənd Azərbaycan xalqına bir çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. Məşhur din xadimləri Şeyx Ağahüseyn Mirzəhüseyn oğlu, yazıçı Tağı Şahbazi (Simurq), görkəmli alimlər Abdulla və Əbülfəz Qarayevlər, görkəmli bəstəkar Qara Qarayev, şair Mirzağa Dilxun, siyasi xadim Dadaş Bünyadzadə, vitse-admiral Cəlil Cavadov,onlarla elm, sənət, incəsənət xadimi bu kəndin övladlarıdır.
  Kənddə bir çox tarixi abidələr olub ki,onların bir qismi dövrümüzə qədər gəlib çıxmışdır. XVII-XIX əsrlərə aid Hacı Heybət məscidi, hamam,türbə, Salam məscidi kimi tariximizi əks etdirən tikililər vardır.
  Bələdiyyəyə sözüm var az | rus | eng
        SON XƏBƏRLƏR
13.05.2008
Fatmayi Belediyyesi © 2008 Created by Lider Web studio